Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-02-06
Daxili İşlər Nazirliyi Və Respublika Baş Prokurorluğu Mətbuat Xidmətlərinin məlumatı

2015-ci il fevralın 4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi Dünyamalıyev mələfə ilə özünü asmışdır.

Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törətmiş və inzibati binaya maddi ziyan vurmuşlar.

Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir.      

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işləri başlanaraq zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılmışdır.

Mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilmiş və müayinə zamanı meyitin bədən səthində və daxili orqanlarında boyun nahiyyəsində stranqulyasion şırımdan başqa zorakılıqla yetirilməyə xarakterik digər hər hansı xəsarət izləri aşkar edilməmişdir.  

Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili işlər orqanlarından xaric olunmuşdur. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.  

Hazırda Tərtər rayonunda ictimai asayiş tam sabitdir  və kriminogen duruma nəzarət olunur.