Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-03-05
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat Xidmətlərinin məlumatı

Xəbər verildiyi kimi, respublikanın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində bir sıra ağır cinayətlər, o cümlədən quldurluq, oğurluq törətməkdə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülmüşdür.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha 4 üzvü - Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Bu şəxslərə məxsus evlərə baxış zamanı 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülmüş və müvafiq qaydada sənədləşdirilmişdir.

Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.