Sayt üzrə axtarış















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2020-01-18
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

İsmayıllı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, yanvarın 17-də, saat 23 radələrində İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində naməlum şəxs tərəfindən idarə olunan avtomobillə yolu keçmək istəyən piyada - İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Asif Adıgözəlovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin “VAZ 21011” markalı, 10-FB-092 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayıllı rayon sakini Elçin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

E.Məmmədov yanvarın 18-də Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.