Sayt üzrə axtarış















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-12-26
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin M Ə L U M A T I

Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalarına qarşı mübarizə istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş Prokurorluq tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərini “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq zamanı Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən zərər çəkmiş şəxslərin spirtli içki qəbul etdikləri “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış zamanı 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 

Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında,  səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdur.

Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunmuşdur.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zərər çəkmiş şəxslərin vəziyyətləri ağır kimi qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Eyni zamanda istehlakçılardan xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.