Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-05-17
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin M Ə L U M A T I

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, habelə  Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində aparılmış monitorinqlər nəticəsində meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və digər yaşıllıqların icazəsiz kəsilməsi ilə təbiətə xeyli və külli miqdarda ziyan vurulması faktları müəyyən edildiyindən toplanmış materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.   

Baş İdarə tərəfindən aparılmış ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulması faktlarına görə Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılmışdır.

Bundan başqa, araşdırmalar nəticəsində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında 63 ədəd meşə cinsli ağacın kəsilməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulması faktına görə Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 259.1-ci maddələri ilə cinayət işi başlanılmışdır.

Eyni zamanda, Quba Regional Meşə Təsərrüfatı Mərkəzində aparılmış monitorinqlərin nəticəsinə görə həmin ərazidə 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 və 259.2.4-cü (meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

         Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

          Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə zəruri tədbirlər görüləcək.