Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-03-04
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin M Ə L U M A T I

Paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır.

Belə ki, martın 3-də saat 03.50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında  paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat  əsasında Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.