Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-03-29
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

2015-ci il martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirmiş və özünə məxsus avtomobillə ərazini tərk etmişdir.

Polis və prokurorluq orqanlarının  əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunmuş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər aparılmışdır. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilmiş və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilmiş və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülmüşdür.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

 Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.