Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-04-06
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş  istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət bağlı qalmış daha bir ağır cinayətin açılması təmin edilmişdir.

Belə ki, 20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il  oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilmiş və keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilmişdir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki şəhər-rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində X.Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il  aprelin 4-də şübhəli şəxs qismində tutulmuşdur.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, R.Salamov 2004-cü il  oktyabrın 10-da tanışı X.Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək məqsədi ilə adı çəkilən yarımçıq tikiliyə gətirmiş və boğaraq sonuncunu qəsdən öldürmüşdür. R.Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdırmaqla gizlətmiş və əynindəki paltarları da çıxararaq zibillikdə yandırmışdır.

R.Salamov 2015-ci il aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.