Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-09-11
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Məlumatı

Beyləqan rayonunda törədilmiş ağır cinayətin üstü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılmışdır.

Belə ki, 2018-ci il sentyabrın 4-də Quba rayon sakini İlqar Fərhadov hüquq-mühafizə orqanlarına müraciət edərək qardaşı, Beyləqan rayonunun Türklər kəndindəki fermanın ərazisində tikdirdiyi evdə yaşayan və heyvandarlıqla məşğul olan İldırım Fərhadovun cari il iyulun 28-də Rusiya Federasiyasının Yessentuki şəhərinə istirahətə getdiyini və ötən müddət ərzində ondan məlumat ala bilmədiyini bildirmişdir.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılmış və onun respublikanı tərk etmədiyi müəyyənləşdirilmişdir.

Araşdırmalar zamanı İ.Fərhadovun qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sahibkarın itkin düşməsilə birbaşa əlaqəsinin olmasına əsaslı şübhələr yaranmışdır.

Sentyabrın 9-da Bakıda saxlanılmış Ə.Sadıqova təkzibedilməz sübutlar və şahid ifadələrindən sonra İ.Fərhadovun cari il iyulun 26-da sonuncuya məxsus fermada Beyləqan rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin ərazidə basdırıldığını etiraf etmişdir.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulmuşdur. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan bir ədəd “İJ-16” markalı tüfəng maddi sübut kimi götürülmüşdür. İldırım Fərhadovun basdırıldığı yer müəyyənləşdirilmişdir. Sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılmış və meyit ekshumasiya edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Faktla əlaqədar Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hər iki şəxs istintaqa ifadəsində bu ağır cinayəti tamah məqsədilə törətdiklərini etiraf etmişlər.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.