Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-07-22
Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin M Ə L U M A T I

“Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarını, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olmuşdur.

Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat kofransı keçirib özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar etmiş və qanunsuz biznes fəaliyyəti ilə məşğul olmuş və ailə üzvlərini bu işə sövq etmişdir.

Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci(Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.