Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-07-28
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Yasamal rayonu ərazisində guya valideyni hüquq-mühafizə orqanlarında işləyən və general ali xüsusi rütbəsi daşıyan şəxsin idarə etdiyi avtomobillə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının üstünə sürərək onlara xəsarət yetirməsi barədə işin hallarına uyğun olmayan informasiyalar dərc olunmuşdur.

Belə ki, 25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

E.Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı bildiririk ki, E.Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar.