Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-08-27
Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı əlavə məlumatı

Xəbər verildiyi kimi, avqustun 27-də saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən prosessə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınmışdır.

Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmamışdır. 

Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilmişdir.

 Partlayış yerinə yaxın ərazilərdən təxliyyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.