Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-05-01
Ədliyyə Nazirliynin və Baş Prokurorluğun birgə M Ə L U M A T I

Kütləvi informasiya vasitələrində Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı müxtəlif xəbərlər yayılmışdır.

Bununla bağlı bildirilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhəri sakini Mehman Qələndərov 7 fevral 2017-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onun barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar M.Qələndərov Bakı istintaq təcridxanasına yerləşdirilmişdir.

İstintaqın gedişatında onun əməlləri göstərilən Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.

M.Qələndərov 28 aprel 2017-ci il tarixdə təcridxananın 2 saylı korpusun saxlanıldığı ikinəfərlik 57 nömrəli kamerasında yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salmış, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getdiyindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asmaqla intihar etmişdir.

Faktla bağlı Penitensiar xidmət tərəfindən xidməti araşdırma aparılmış və prokurorluğa məlumat verilmişdir.

Sabunçu rayon prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüşdür.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilmişdir. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən M.Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanuna zidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir.

Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilmiş, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunmuşdur.

İstintaq zamanı M.Qələndərov törətdiyi cinayəti etiraf etmiş, habelə mərhumun hər hansı siyasi partiyanın üzvü olması barədə məlumatlar araşdırmalarla təsdiqini tapmamışdır.

Hazırda cinayət işi istintaqın davam etdirilməsi məqsədi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin icraatına verilmiş, iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, M.Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.