Sayt üzrə axtarış













Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-03-16
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılmışdır.

 

Belə ki, martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

 

İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilmişdir.

 

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində  Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilmişdir.

 

M.Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.