Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-03-13
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı

            Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır.

Belə ki, cari il fevralın 5-də saat 18 radələrində 1953-cü il təvəllüdlü Hüseynov Firudin Bağır oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülmüş və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş Məmmədov Zakir Elxan oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.