Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-12-28
Bakı şəhər prokurorluğunun məlumatı

9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilmiş, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.