Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-08-05
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan təlabatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərüffat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti məhsulları idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilməklə qeyd olunan məhsullar satışdan kənarlaşdırılmışdır. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Araşdırmalar zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “OMEQA” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan “Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq əlaqəli şəkildə istehlak bazarında əhalinin sağlamlığına ziyan vuran və keyfiyyətsiz məhsulların istehsal və idxal olunmasının, gizli yollarla süni qiymət artımı hallarının qarşısının alınması, belə məhsulların satışdan kənarlaşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qanunla nəzərdə tutulmuş ən kəsərli tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.