Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2015-12-11
Ulu öndər Heydər Əliyevin xatirəsi Respublika Hərbi Prokurorluğunda dərin ehtiramla yad edilmişdir

Ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 11-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda anım mərasimi keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

Respublika hərbi prokuroru bildirmişdir ki, ulu öndər Heydər Əliyevin dahiliyi, zəngin idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və hərtərəfli qayğı göstərilir.

Milli Prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının daha da yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.

Çıxışının sonunda Xanlar Vəliyev qeyd etmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəcək.

Mərasim Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatmişdir.