Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-03-03
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Martın 2-də Lerik rayonunun Veri-Əliabad kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən  öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açmış, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirmişdir. A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk etmişdir. Bundan sonra, A.Rəhimov kənd qəbristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar etmişdir.

Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.