Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-02-24
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişlər.

     Belə ki, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücü Rakif Abdullayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobili yüksək sürətlə hərəkətini davam etdirərək yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində saxlamışdır.

     Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetirmişlər.

     V.Abbasov “qapalı kəllə-beyin travması” diaqnozu ilə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilmiş, baş və sifət nahiyələrindən xəsarətlər alan C.Ağayev isə ambulator tibbi yardım göstərilərək evə buraxılmışdır.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış və məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.

     Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar.

     Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.