Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2009-12-31
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

Dekabrın 30-da saat 18:30 radələrində əlində silah olan şəxsin paytaxtın Həsən Əliyev küçəsi boyu qaçması barədə bu ünvana yaxın ərazidə yaşayan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşı Ruslan Dəmirçiyev tərəfindən Nazirliyin «102» zəng mərkəzinə məlumat verilmişdir.Eyni zamanda, polis leytenantı Ruslan Dəmirçiyev, həmin şəxsin silahlı olması səbəbindən onu dayandırmaq məqsədilə izləsə də, naməlum şəxs təqibdən yayınmağa cəhd göstərərək polis əməkdaşına atəş açmaq istəmişdir. Lakin «102» xidməti tərəfindən hadisə yerinə göndərilmiş Çevik Polis Alayının patrul avtomobillərini görüb zərərsizləşdiriləcəyini anlayan silahlı şəxs üstündəki əl qumbarasını partladaraq intihar etmişdir. Partlayış nəticəsində polis əməkdaşı Ruslan Dəmirçiyev sol ayağından qəlpə yarası almışdir. Dərhal hadisə yerinə çıxmış Nərimanov rayon polis idarəsinin və prokurorluğunun rəhbərliyi, habelə istintaq-əməliyyat qrupu tərəfindən cinayətin törədildiyi yer müayinə olunmuş və oradan 6 ədəd patronu olan «Makarov» tipli tapança, «UZRQM» markalı qumbara fitilinin qulpu, içərisində bıçaq olan əl çantası, qara idman papağı, bir cüt əlcək və iş üçün əhəmiyyət kəsb edən sair əşyalar götürülmüşdür. Meyitin əynindəki şalvarın arxa cibində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş Əliyev Rasim Şəmiddin oğlunun adına olan şəxsiyyət vəsiqəsi və ayrı-ayrı şəxslərə pul borcunun olması barədə qeydlər aparılmış dəftər aşkar edilmişdir. Fakt üzrə Nərimanov rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. İlkin araşdırmalarla tapılmış vəsiqənin intihar etmiş şəxsə - Rasim Əliyevə məxsus olması müəyyən edilmişdir. İntensiv həyata keçirilən istintaq-əməliyyat tədbirləri onu da göstərib ki, fərdi tikinti işləri ilə məşğul olan Rasim Əliyev Sulutəpə qəsəbəsində inşa etdiyi evin sənədləşdirilməsi məqsədilə Bakı şəhər sakini Maşallah Əhmədova verdiyi 15 min manat məbləğdə pulunu geri ala bilməməsi ilə əlaqədar həmin gün tapança və qumbara ilə silahlanaraq hadisənin baş verdiyi yerə yaxın ərazidə yaşayan sonuncudan qisas almaq istəmişdir. Şəxsi münasibətlər zəminində baş vermiş bu hadisənin digər təfərrüatları, o cümlədən Rasim Əliyevin partlatdığı qumbaranın, üstündən tapılmış tapançanın əldə edilmə mənbələrinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.