Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-03-02
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə xidmətdə fərqləndiklərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” və “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adlarına layiq görülmüş prokurorluq əməkdaşlarına martın 2-də yüksək dövlət mükafatları təqdim olunmuşdur. Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik və yüksələn xətlə sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin qabaqcıl ölkələr səviyyəsinə qaldırılması, demokratik dəyərlərin tam şəkildə reallaşması, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası, doğma torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində məqsədyönlü dövlətçilik tədbirləri həyata keçirilir.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin demokratik dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın prokurorluq orqanlarında mütərəqqi islahatlar aparılmış, məhkəmə hakimiyyətinin tərkib hissəsi kimi prokurorluğun fəaliyyəti müasirləşdirilmiş, yeni informasiya texnologiyalarına əsaslanan mütərəqqi iş metodlarının tətbiqinə başlanılmış, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və dövlət ittihamının müdafiəsi üzrə tam yeni məzmunlu qurumlar yaradılmış, müasir standartlara uyğun maddi-texniki baza formalaşdırılmış, çoxsaylı yeni inzibati binalar istifadəyə verilmiş, habelə digər mühüm işlər reallaşdırılmışdır.

Z.Qaralov bildirmişdir ki, prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, müasirləşdirmə dövrünün əsasını qoyan həmin sənəddə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi cəmiyyətdə prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Vurğulanmışdır ki, dövlət başçısının sərəncamları ilə prokurorluq əməkdaşlarından 48 nəfərinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” və “Azərbaycan Respublikaının əməkdar jurnalisti” fəxri adlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna dövlət qayğısının təcəssümü kimi müstəsna əhəmiyyət kəsb etməklə prokurorluğun kollektivi üzərinə böyük məsuliyyət qoyur.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin qeyd edilən sərəncamları elan edilmiş, baş prokuror Zakir Qaralov təltif olunan prokurorluq əməkdaşlarına mükafatları təqdim etmişdir. Təltif olunmuş prokurorluq əməkdaşları fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmiş, respublikamızda həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini dəstəkləyən prokurorluq orqanlarının digər əlaqədar dövlət təsisatları ilə birlikdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminlik ifadə etmişlər. Sonda prokurorluq orqanlarının kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.