Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-03-04
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Martın 4-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq ilə görüşmüşdür. Baş prokuror ölkəmizin ümumavropa inteqrasiya proseslərinə fəal qoşulduğunu, Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd etmişdir. O, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələnin başlanğıcıdır. Ölkəmizdə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planının təsdiq edilmişdir. Hazırda bu sahədə konkret işlər həyata keçirilir.

Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluq ifadə edən Tomas Hammerberq Azərbaycana səfəri çərçivəsində bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu bildirmiş, Avropa Şurasının Azərbaycan Respublikası ilə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləmişdir.

Görüşdə səmərəli fikir mübadiləsi aparılmış və maraq doğuran suallara ətraflı cavablar verilmişdir.

Tədbirdə Avropa Şurası baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Veronika Kotek və digər rəsmi şəxslər iştirak edirdilər.