Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-03-09
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatı

2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovun və Kamal Ələkbərovun qəsdən öldürülməsi faktı üzrə keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyət kəsb edən bir sıra maddi sübutlar əldə olunmuş, eləcə də Gəncə şəhər sakini Şöhrət Quliyevin başçılıq etdiyi silahlı cinayətkar dəstə tərəfindən digər ağır cinayətlərin törədilməsi təkzibedilməz dəlillərlə sübuta yetirilmişdir.

Müəyyən edilmişdir ki, 2003-cü ilin dekabrında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, onu odlu silah və döyüş sursatı ilə təchiz etmişdir. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovu öldürməyi tapşırmış və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd etmişdir. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtı və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürmüşdür. Cinayətdə istifadə olunan “Makarov” tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B.Nuriyev küçəsindəki 32 nömrəli binanın yaxınlığında yerləşən bağ sahəsindən tapılaraq götürülmüş və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənmişdir.

Şöhrət Quliyev mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları mükafat vəd etmişdir. 2004-cü il martın 22-də cinayətkar dəstənin “Makarov” tapançası ilə silahlanmış üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirmişdir.

İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan 600 ABŞ dollarına alması müəyyən edilmiş və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülmüşdür. Ekspert rəyi ilə hadisə yerində aşkar edilmiş gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılmış güllələrin həmin silahdan atılması təsdiqlənmişdir.

İstintaq prosesində o da müəyyən olunmuşdur ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus “Quş südü” kafesində mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə etmiş, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçirmişlər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş “Kalaşnikov” avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı heroin aşkar edilərək götürülmüşdür.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respubilkası Məhkəməsinə göndərilmişdir.