Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-03-13
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

19 iyun 2008-ci il tarixdə Tərtər rayon sakini Fuad Allahverdiyevin, həyətyanı sahəsində yonca biçərkən qonşusu Fərman İsmayılovla məişət zəminində aralarında baş vermiş mübahisə zamanı onun sifətinə yumruqla zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən döyməsi, həmçinin Fərman İsmayılovun döyülməsini eşidib hadisə yerinə gələn sonuncunun qardaşı Rafiq İsmayılova qarşı qərəzli hərəkətlərini davam etdirməklə özündə olan dəryazla hədələyərək xüsusi amansızlıqla, azyaşlı qardaşı uşaqları Nəriman və Nicat İsmayılovların gözləri qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə dəryazla həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran və kəskin qanitirməyə səbəb olan sinə nahiyəsinə bədən xəsarəti yetirməklə Rafiq İsmayılovu qəsdən öldürməsi faktı üzrə başlanmış cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilmişdir.

Aparılmış istintaqla Fuad Allahverdiyevin törətdiyi əməllər təkzibolunmaz dəlillərlə sübuta yetirilərək 19 may 2009-cu il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 132-ci maddələri ilə ittiham elan edilmiş və iş üzrə istintaq başa çatdırılaraq cinayət işi 27 may 2009-cu il tarixdə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Məhkəmə istintaqı zamanı Fuad Allahverdiyevin Rafiq İsmayılovu qəsdən öldürməsi tədqiq edilmiş sübutlarla bir daha təsdiq edilmiş və dövlət ittihamçısı yekun nitqində Fuad Allahverdiyevə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını təklif etmişdir.

Məhkəmənin 10 mart 2010-cu il tarixli hökmü ilə Rafiq İsmayılovun öz ehtiyatsızlığı üzündən dəryazın üstünə yıxılaraq xəsarət alması qənaətinə gəlinərək Fuad Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli olmadığına görə bəraət verilmiş, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə isə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Məhkəmənin hökmü işin faktiki hallarına uyğun olmadığına və bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 401.1.2-ci maddələrinin tələbləri pozulduğuna görə həmin hökmdən apellyasiya protesti hazırlanır.