Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-04-02
Azərbaycan Respublikası Baş Prokurorluğu və İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatı

Əhalinin sağlamlığının qorunmasının mühüm şərtlərindən və strateji istiqamətlərindən olan ərzaq təhlükəsizliyinin təmin olunması dövlət orqanlarının daim diqqət mərkəzində olmaqla, ölkəmizdə bu sahədə qanunvericiliyin səmərəli icra mexanizmi yaradılmışdır. Həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davamı olaraq, qanunvericiliyin tələblərini pozmaqla insan həyatı və sağlamlığı üçün təhlükə yaradılması, istehlakçıları aldatmaqla keyfiyyətsiz məhsul satışı kimi neqativ hallara qarşı aidiyyəti dövlət qurumları tərəfindən ciddi mübarizə aparılır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən “Elvan İrmak Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətdə qənnadı məhsullarının istehsalı və satışının qanuniliyi yoxlanılmışdır.

Aparılan yoxlama zamanı həmin müəssisənin istehsal etdiyi şəkərli peçenye və qaletlərin etiketlərində saxlama müddətinin normativ texniki sənədlərdə nəzərdə tutulan müddətdən artıq göstərildiyi, eləcə də müəssisənin anbarında istifadə müddəti ötmüş külli miqdarda məhsulların saxlanıldığı müəyyən edilmişdir. Bundan əlavə, müəssisənin anbarında Türkiyədən idxal olunmuş, saxlama müddəti 17 gün ötmüş 6.567,5 kiloqram qənnadı məmulatları (şokolad, karamel və vafli), “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehsal edilmiş və saxlama müddəti 289 gün ötmüş 4.461,8 kiloqram peçenye, saxlama müddəti 197 gün ötmüş 150 kiloqram qalet, saxlama müddəti 16-136 gün ötmüş 545 kiloqram xammal, üzərində istehsal və son istifadə müddətləri göstərilməmiş 477 kiloqram şokoladlı marmelad aşkar edilmişdir.

Müəssisənin anbarında, həmçinin üzərində son istifadə tarixi normativ-texniki sənədlərin tələblərindən artıq göstərilmiş 72.726,2 kiloqram məhsul, o cümlədən etiketlərində saxlama müddəti 180 gün artıq göstərilmiş 9408,4 kiloqram qalet və saxlama müddəti 270 gün artıq göstərilmiş 63.317,8 kiloqram peçenye, üzərində malın Türkiyədə istehsal olunduğu göstərilən 1445 ədəd müxtəlif ölçülü boş qutular aşkar edilmişdir.

Müəyyən edilmişdir ki, müəssisədə istehlakçıları aldatmaq məqsədi ilə istifadə müddəti ötmüş məhsulların yararlılıq tarixlərinin silinməsi üçün “Black Dot Cleaner” təmizləyicilərindən istifadə olunmuş, “Jet-4000” tarixvurma avadanlığı ilə vaxtı keçmiş məhsulların üzərinə faktiki istehsal və son istifadə tarixlərinə uyğun olmayan, özündə yalan məlumatları əks etdirən rəqəmlər yazılmışdır.

Yoxlama zamanı, həmçinin aşkar edilmişdir ki, Türkiyənin “Elvan Qida Turizm Tekstil Pazarlama LTD ŞTİ” firması ilə imzalanmış müqavilə üzrə “Elvan İrmak Qida Məhsulları” MMC-yə 2009-cu il yanvarın 22-dən 2010-cu il martın 16-dək idxal edilmiş 361.133,8 kiloqram şokolad, karamel və vaflinin yalnız 60.000 kiloqramı üçün sertifikatlar alınmış, malın 267.602 kiloqramı isə uyğunluq və gigiyenik sertifikatlar alınmadan satılmışdır.

“Elvan İrmak Qida Məhsulları” MMC-də istehsal olunan məhsulların saxlama müddətinin normativ-texniki sənədlərlə müqayisədə artıq göstərilməsi ilə əlaqədar bu malların ticarət şəbəkəsinə satışını həyata keçirən “Koroğlu” MMC-də də yoxlama aparılmış və müəssisənin anbarında 6.076,2 kiloqram bu cür mal aşkar edilərək satışdan çıxarılmışdır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istifadə müddəti keçmış keyfiyyətsiz məhsulların satışdan çıxarılması istiqamətində əlavə tədbirlər davam etdirilir.

Nazirlik tərəfindən toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əmtəə nişanlarından qanunsuz istifadə etmə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan 197.2, 200.1 və 308.1 maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.