Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-04-07
İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin birgə məlumatı

Adamların həyatı və sağlamlığı üçün təhlükə yaradan keyfiyyətsiz məhsullar istehsal edib satmaqla istehlakçıların aldadılması hallarına qarşı dövlət orqanları ardıcıl mübarizəni davam etdirirlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 2 saylı ünvanda fəaliyyət göstərən “Abşeron-2000” firmasında ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılmışdır.

Yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan kolbasa məmulatlarının üzərində istehsal tarixinin göstərilmədiyi, hazır məhsulların etiketlərində saxlama müddətinin normativ texniki sənədlərdə nəzərdə tutulan müddətdən artıq göstərildiyi, anbarda satışa hazır məhsullarla bir yerdə mağazalardan geri qaytarılmış istifadə müddəti ötmüş məhsulların saxlanıldığı, məhsul istehsalında istifadə müddəti bitmiş qatqı materiallarından istifadə olunduğu və buraxılan məhsulların bir qismi üçün sertifikatların olmadığı müəyyən edilmişdir.

Müəssisənin anbarında üzərində istehsal tarixi göstərilməmiş 680 kiloqram bişmiş və 518 kiloqram hisə verilmiş kolbasa, 427 kiloqram sosiska, 180 kiloqram hisə verilmiş toyuq budu, 70 kiloqram sardelka və 17 kiloqram hisə verilmiş donuz piyi aşkar edilmişdir.

Bundan başqa, anbarda 963 kiloqram saxlama müddəti keçmiş xammal, o cümlədən saxlama müddəti 121-548 gün ötmüş 334 kiloqram müxtəlif ədviyyatlar, saxlama müddəti 6-162 gün ötmüş 552 kiloqram pendir, saxlama müddəti 31 gün ötmüş 77 kiloqram qaymaq, həmçinin anbarda saxlama müddəti bitdiyi üçün ticarət şəbəkəsindən geri qaytarılmış 402 kiloqram kolbasa məmulatları aşkar edilmişdir.

Eyni zamanda, anbarda mənşəyi bəlli olmayan 1.365 kiloqram xammal, o cümlədən 600 kiloqram donuz piyi, 125 kiloqram çəkilmiş və 640 kiloqram dondurulmuş ət, heç bir müşayiətedici sənədi olmayan 36.740 kiloqram müxtəlif növ idxal malları, o cümlədən 23.777 kiloqram pendir, 602 kiloqram qaymaq və 12.361 kiloqram yağ aşkar edilmişdir.

Müəssisənin anbarında üzərində məhsulun saxlama müddəti normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 18 min metr kolbasa qılafı və 8150 ədəd yarlık, həmçinin müəssisə tərəfindən istehsal edilən məhsulların bir qisminin üzərində rus dilində və Rusiyada fəaliyyət göstərən “Nalo”, “Lazurnaya” və s. müəssisələrə məxsus texniki şərtlərin işarələri göstərilmiş saxta məhsullar və kolbasa qablaşdırılmasında istifadə olunan 8 metr qılaf müəyyənləşdirilmişdir.

Yoxlama zamanı müəssisədə istehsal edilən 13 adda kolbasa məmulatının uyğunluq və 10 adda kolbasa məmulatının isə gigiyenik sertifikatı olmamışdır.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Kifayət qədər əsaslar olduğundan əmtəə nişanlarından qanunsuz istifadə etmə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.