Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-04-08
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətlərinin məlumatı

“Korrupsiyaya son” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğlu ötən il noyabrın 2-də saat 17 radələrində Bakı şəhəri, 28 May küçəsində taksi dayanacağında xidməti vəzifəsini yerinə yetirən “Bakısərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Abbasəliyev Faiq Əliyar oğluna yaxınlaşaraq özünü korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar ona iradlarını bildirməklə onu işdən çıxartdıracağı ilə hədələyib aldatma yolu ilə 300 manat məbləğində pul verməsini tələb etmiş və mobil telefonunun nömrəsini götürərək “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşüb pulu verməsini bildirmişdir.

Həmin gün axşam saat 20 radələrində İbrahim İsmayılov qabaqcadan əlbir olduğu “Korrupsiyaya son” qəzetinin redaktor müavini Çələbiyev Maarif Sayəddin oğlu ilə birlikdə Faiq Abbasəliyevdən pulu götürmək üçün təyin olunmuş yerə gəlmiş və taksidən özü düşməyərək Maarif Çələbiyevi pulu götürməyə göndərmişdir. Sonuncu Faiq Abbasəliyev və Nəqliyyat Departamentinin digər əməkdaşına yaxınlaşaraq pulu tələb edərkən onlar həmin şəxsdən şübhələnərək hadisə yerinin yaxınlığında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin əməkdaşlarına müraciət etmiş və bundan sonra İbrahim İsmayılov və Maarif Çələbiyev polis əməkdaşları tərəfindən yaxalanmışlar. Həmin faktla bağlı noyabrın 4-də Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu,178.2.1-ci və 310-cu maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Faiq Abbasəliyev İbrahim İsmayılov ondan pul tələb edərkən onun səsini mobil telefona yazmış və istintaqa təqdim etmişdir. İbrahim İsmayılov istintaqdan yayındığından onun səs nümunəsini ekspertizaya təqdim etmək mümkün olmamış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilərək barəsində həbssiz axtarış elan olunmuşdur.

Rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim İsmayılov 2010-cu il aprelin 7-də yaxalanaraq istintaqa təqdim edilmiş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.