Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-04-10
Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin məlumatı

2009-cu il noyabrın 8-də saat 21 radələrində 1998-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15,95-ci (qəsdən adam öldürməyə cəhd, köhnə redaksiyada) maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Qeybəli Rəşidov Bakı şəhəri, Mirqasımov küçəsi 10 nömrəli ünvanda yerləşən "Şərq" çayxanasında olarkən tanışı - əvvəllər ağırlaşdırıcı hallarda xuliqanlıq cinayəti törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Əkbər Vəliyevi, onun əvvəllər tanıdığı Səma Abdullayeva ilə əlaqə saxlamasından şübhələndiyinə görə xuliqanlıq niyyəti ilə çayxananın mətbəxindən götürdüyü bıçaqla qarın və boyun nahiyələrinə, o cümlədən qarının daxilə nüfuz edən və mədənin ön divarının zədələnməsi ilə müşayiət olunan 3 zərbə endirərək qəsdən öldürməyə cəhd etmişdir.

Qeybəli Rəşidov cinayətkar əməllərini davam etdirərək həmin gecə - noyabrın 9-da saat 3 radələrində sərxoş vəziyyətdə Səma Abdullayevanın Naxçıvan-Bakı reysi ilə Bakıya qayıtmasını əvvəlcədən bildiyindən hava limanına gələrək ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlər etməklə və ucadan nalayiq söyüşlər söyərək silah qismində istifadə etdiyi həmin bıçaqla Səma Abdullayevanın bədəninin müxtəlif nahiyələrinə, o cümlədən döş qəfəsinin arxa səthinə, qarnına, sol buduna 6 zərbə, habelə yumruqla qarnına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə xuliqanlıq cinayəti törətmişdir.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Prokurorluğunda noyabrın 9-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması prokurorluğun böyük müstəntiqi Elnur Cəfərova həvalə edilmiş, eyni zamanda həmin tarixdə Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış və Qeybəli Rəşidova həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində istintaq edilən cinayət işi 2009-cu il dekabrın 3-də Nəsimi Rayon Prokurorluğuna göndərilərək bir icraatda birləşdirilmişdir.

Qeybəli Rəşidov müdafiəçi ilə təmin olunaraq onun iştirakı ilə dindirilmişdir. Dindirmə zamanı o, törətdiyi cinayət əməllərini tam etiraf etmişdir. Zərərçəkmiş Əkbər Vəliyev də ifadələrində Qeybəli Rəşidovun onu bıçaqla vurmaqla qəsdən öldürməyə cəhd göstərməsini təsdiq etmişdir.

Toplanmış sübutlara əsasən Qeybəli Rəşidovun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.10-cu və 221.3-cü maddələrinə tövsif edilməklə, ona yeni məzmunda ittiham elan olunmuş və iş üzrə istintaq tamamlanaraq 2010-cu il fevralın 10-da baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Göstərilənlərlə yanaşı, Əkbər Vəliyev qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda satışına görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə 2010-cu il yanvarın 12-də təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin vaxtdan Qeybəli Rəşidovun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılır.

Qeybəli Rəşidovun barəsində Nəsimi Rayon Prokurorluğunda istintaq edilmiş iş üzrə istintaqın tamamlanma mərhələsində, zərərçəkmiş Əkbər Vəliyev rayon prokurorluğuna saxlanıldığı təcridxanadan ərizə ilə müraciət edərək hadisə baş verdiyi vaxt bıçağın guya öz əlində olmasını və Qeybəli Rəşidovun həmin bıçağı əlindən alaraq ona yüngül xəsarət yetirməsini göstərmişdir. Araşdırma zamanı Əkbər Vəliyevin adından daxil olmuş ərizənin 3 saylı istintaq təcridxanasında saxlanılan Kamil Bağırbəyov tərəfindən Qeybəli Rəşidovun xahişi ilə yazılması müəyyən edilmiş və sonuncu müstəntiq Elnur Cəfərov tərəfindən dindirilərkən həmin xüsusatı təsdiq etmişdir.

İstintaq zamanı, həmçinin müəyyən edilmişdir ki, Qeybəli Rəşidov cinayətkar aləmdə müəyyən nüfuza malik olmaqla, öz əlaqələrindən istifadə edərək zərərçəkmiş Əkbər Vəliyevə təsir göstərmiş və onun adından qeyd edilən məzmunda həqiqətə uyğun olmayan ərizənin yazılmasına nail olmuşdur.

Bakı Şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Nəsimi Rayon Prokurorluğunun böyük müstəntiqi Elnur Cəfərovun Qeybəli Rəşidov və onun ailə üzvlərindən Qeybəli Rəşidovun barəsində olan cinayət işinin xitam olunması və məsuliyyətdən qurtarması üçün külli miqdarda pul tələb etməsi, sonuncuya və zərərçəkmiş Əkbər Vəliyevə hədə-qorxu gəlməklə ağ vərəqələrə imza etdirməsi və sonradan həmin vərəqələrə hadisə barəsində öz istədiyi məzmunda ifadələr yazması barədə bəzi mətbu orqanlarda yer alan informasiyalar təsdiqini tapmamış, həmçinin istintaq zamanı bu barədə prokurorluğa heç bir şikayət daxil olmamışdır.

Bakı Şəhər Prokurorluğu cinayət işləri üzrə əsl həqiqətləri ictimaiyyətin nəzərinə çatdırmaqla bəyan edir ki, Qeybəli Rəşidov və Əkbər Vəliyevin barələrində olan cinayət işlərinin istintaqı cinayət-prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməklə obyektiv və qərəzsiz aparılmış və onların törətdikləri cinayət əməlləri istintaqla tam sübuta yetirilmişdir. Həmin şəxslərin cinayət işinin istintaqına şübhə ilə yanaşmaq, onun obyektivliyinə kölgə salan bəyanatlarla bəzi kütləvi informasiya vasitələrində çıxış etmək hallarına qəti etirazımızı bildirir və belə mövqeni cəmiyyətdə yanlış fikir formalaşdırılmasına yönəlmiş uğursuz cəhdlər və məhkəmə proseslərinə əsassız müdaxilə kimi qiymətləndiririk.