Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-04-24
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Aprelin 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

Əvvəlcə Baş Prokurorluğun Müsabiqə komissiyasının üzvləri və müsabiqə yolu ilə prokurorluqda qulluğa qəbul edilmiş gənclər Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməklə ulu öndərimizin və xalqımızın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş həmvətənlərimizin əziz və unudulmaz xatirəsini yad etmişlər. Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, prokurorluğun kadr korpusunun formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydaları əsasında gənc mütəxəssislərin işə qəbul edilməsi memarı ümummilli liderimiz Heydər Əliyev olan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, hökumət və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən müsabiqədə seçilən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar almışlar.

Bu ildən etibarən tətbiq edilən yeniliyə əsasən, müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təhsilə cəlb edilməsinin gənclərin müstəqil fəaliyyətə hazırlanmasında və mükəmməl prokurorluq işçiləri kimi yetişməsində bu mərhələnin əhəmiyyəti vurğulanmışdır.

Qeyd edilmişdir ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş 527 gənc hüquqşünasın içərisindən ən layiqli namizədlər kimi seçilmiş bu gənclərin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin ən yeni yüksəliş dövrünə təsadüf edir. Bu gün dünyada analoqu olmayan çox yüksək templərlə inkişaf edən Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür. Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı çıxışında son illər ərzində ölkəmizin qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilmişdir.

Xüsusi vurğulanmışdır ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 2000-ci il 26 aprel tarixli müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbula alternativ ola bilməz və bu yol prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir. Müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə, prokurorluqda qulluğa qəbul edilmiş və fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilmiş, o cümlədən Baş Prokurorluğun mühüm qurumlarına təyinatlar almışdır.

Prokurorluq işçiləri üçün çox əlamətdar hadisə olan bu tədbirin əhəmiyyətini xüsusi vurğulayan müsabiqə komissiyasının sədri, baş prokurorun müavini Namiq Əsgərov komissiyanın fəaliyyəti və müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra prokurorluqda qulluğa qəbul olunmuş 98 nəfər gənc mütəxəssisin vəzifələrə təyin edilməsi barədə əmr elan olunmuş, işə qəbul olunanlar Azərbaycan Respublikasının Dövlət bayrağı önündə təntənəli surətdə and içmişlər və onlara baş prokuror tərəfindən xidməti vəsiqələr təqdim olunmuşdur.

Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

Baş prokuror Zakir Qaralov prokurorluğa qulluğa qəbul olunan gənc mütəxəssisləri stajçı-prokurorluq işçisi kimi müxtəlif qurumlara təyinat almaları münasibətilə Baş Prokurorluğun rəhbərliyi adından təbrik edərək, onların fəaliyyətləri dövründə prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu söyləmişlər. Bildirilmişdir ki, stajorluq müddəti ərzində gənclər öz biliklərini daha da təkmilləşdirmək, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işi hərtərəfli öyrənmək, müasir texniki vasitələrdən, ilk növbədə, kompyuter texnikasından istifadə vərdişlərini daha da təkmilləşdirmək, xarici dilləri mükəmməl mənimsəmək üçün gecə-gündüz çalışmalıdırlar. Eyni zamanda, Baş Prokurorluğun Kadrlar İdarəsinə gənc mütəxəssislərin stajorluq dövrü ərzindəki fəaliyyətlərinin mütəmadi nəzarətdə saxlanılması, bu işin düzgün təşkilinə görə tabe prokurorların məsuliyyətinin daha da artırılması üçün zəruri təşkilati tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.