Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-05-06
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun əsas inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, müasir Azərbaycanın tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin və suverenliyimizin xilaskarı və qüdrətli Azərbaycanı yaradan böyük qurucu kimi tarixə düşən Heydər Əliyevin ölkəmizin inkişaf perspektivlərini müəyyənləşdirən siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Öz parlaq və mübarizələrlə zəngin ömür yolu ilə bütün nəsillərə örnək olan bir həyat yaşamış ulu öndər Heydər Əliyevin dahi bir siyasət adamı və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısında qoyaraq, xaricdən dəstəklənən dağıdıcı radikal qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən çox uğurlu yenidənqurma işlərini və islahatları həyata keçirmişdir.

Həlolunmaz problemlərlə qarşılaşan və öz dövlətinin tarix səhnəsindən silinmə təhlükəsi ilə üzləşən xalqının təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarmış və gələcəyə olan ümidlərini artırmışdır. Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edilmişdir. Ulu öndərin dərin zəkası və zəngin idarəçilik təcrübəsi sayəsində qısa müddətdə dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulmuş, torpaqlarımızın işğalı prosesini dayandıran atəşkəs barədə razılaşma əldə edilmiş və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.

Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılmış, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla, kriminogen durum stabilləşdirilmişdir.

Azərbaycanda xalqın həsrətində olduğu dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, tam bazar iqtisadiyyatına keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın mənafeyi naminə istifadə olunması məqsədlərinə xidmət edən neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafının mühüm dövrü olan 1995-2003-cü illərdə ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur. Hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.

Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan Prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Respublika Prezidentinin Sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan “Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunmasının əhəmiyyəti qeyd edilmişdir.

Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Bütövlükdə respublikamızın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmaqla, Azərbaycanın demokratiyaya sadiqliyi bütün dünyaya sübut edilmiş, Avropaya sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla dünyanın lider dövlətləri sırasına çıxmış, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilmişdir.

Daim yüksələn xətlə artan iqtisadi inkişaf 2009-cu ildə də keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyevin çıxışında gətirdiyi statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycan Respublikası son illər ərzində ciddi inkişafa nail olmuşdur.

Qeyd edilmişdir ki, ermənipərəst mövqelərdə dayanan bəzi xarici qüvvələr və dövlətlər tərəfindən göstərilən böyük təzyiqlərə baxmayaraq, polad iradə və diplomatik istedad nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının qorunması istiqamətində ən qətiyyətli addımlar atmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həlli, bu məsələyə birbaşa təsirini göstərən Ermənistan-Türkiyə sərhədlərinin açılması kimi məsələlərdə ölkəmizin haqq səsinin bütün dünyaya çatdırılmasına və hadisələrin bizim üçün arzuolunmaz istiqamətlərdə inkişafı proseslərinin qarşısını almağa nail olmuşdur.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir. Mərasimin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış və ulu öndərin xatirəsinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev” filmi nümayiş etdirilmişdir.