Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-05-07
Baş Prokurorluğun və Mərkəzi Bankın mətbuat xidmətlərinin birgə məlumatı

Mayın 3-6-da Azərbaycan Respublikası Baş Prokurorluğu Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə birlikdə prokurorluq əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda tədris kursu keçirmişdir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilən tədris kursunda Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun əməkdaşlarından ibarət dinləyicilər Elm-Tədris Mərkəzinin və Baş Prokurorluğun aparıcı idarələrinin bu sahədə ixtisaslaşmış təcrübəli prokurorlarının, Maliyyə Monitorinqi Xidmətinin mütəxəssislərinin və USAİD-in ekspertinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin aktual problemlərinə dair mühazirələrini dinləmiş, təcrübədə rastlaşdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Beynəlxalq təcrübədə çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən səlahiyyətli orqanlar, kəşfiyyat xidmətləri ilə hüquq mühafizə orqanları arasında əməkdaşlıq, onların fəaliyyətinin əlaqələndirilməsi, elektron məlumat mübadiləsi, məlumat bazalarından birgə istifadə, xüsusi texnologiyalar, bu sahədə səmərəliliyin artırılması, hüquqi yardım və ekstradisiya məsələləri kimi mövzular prokurorluq əməkdaşlarının xüsusi marağına səbəb olmuşdur.

Tədbirdə əməliyyatların dayandırılması, əmlak üzərinə həbs qoyulması və müsadirə, terrorçuluq fəaliyyəti ilə əlaqəli maliyyə aktivlərinin dondurulması mexanizmi, beynəlxalq təcrübədə mülki müsadirə anlayışı, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə xarici dövlətlərin təcrübəsi, geniş yayılmış tipologiyalar və yeni preventiv metodlar, müasir texnoloji nailiyyətlərdən istifadə edilməsi yolu ilə çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi riskləri barədə əldə edilmiş yeni biliklərin bu sahədə cinayət təqibinin səmərəliliyinin artırılacağına əminlik ifadə olunmuşdur.