Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-05-14
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

“Azadlıq” qəzetinin 2010-cu il 13 may tarixli sayında dərc olunmuş “Fəlakət zonasında itkin düşənlər var” sərlövhəli məqalədə Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində baş verən təbii fəlakətlə əlaqədar guya Sabirabad rayonu sakinlərindən təxminən 30 nəfərin daşqından sonra itkin düşməsi və bir neçə gün onlardan xəbər olmaması barədə məlumat yayılmışdır.

Bununla əlaqədar bildiririk ki, ölkə vətəndaşlarının təbii fəlakət nəticəsində ciddi problemlərlə üzləşdiyi və ev-eşiyindən didərgin düşdüyü bir vaxtda, heç bir real faktlara əsaslanmayaraq sensasiya naminə yayılan bu məlumatlar əhali arasında çaşqınlıq və vahimə yaratmaq, həmçinin təbii fəlakətin doğurduğu gərginliyi daha da artırmaq, rəsmi dövlət strukturları tərəfindən həyata keçirilən genişmiqyaslı xilasetmə tədbirlərinin üzərinə kölgə salmaq məqsədi daşıyır. Aparılan araşdırmalarla həmin məlumatların həqiqətə uyğun olmadığı və təbii fəlakət zonasında ümumiyyətlə, itkin düşmə faktlarının qeydə alınmadığı, bu barədə rayon sakinlərindən hüquq mühafizə qurumlarına, o cümlədən prokurorluq və daxili işlər orqanlarına heç bir müraciət daxil olmadığı müəyyən edilmişdir.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə müvafiq olaraq, mötəbər mənbə adı altında şayiə, yalan və qərəzli yazıları yaymaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir və həmin qanunun 60-cı maddəsinə görə yayılan məlumatlarla əlaqədar qanunun tələblərinin pozulduğu hallarda kütləvi informasiya vasitəsinin rəhbəri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məsuliyyət daşıyır.

Göstərilənlərə əsasən “Azadlıq” qəzetinin redaktoruna, həmin mətbu orqanda həqiqətə uyğun olmayan məlumatların dərc olunması ilə bağlı “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə müvafiq olaraq bu barədə təkzib verilməsi, həmçinin gələcəkdə reallığa uyğun olmayan məlumatların rəhbərlik etdiyi qəzetdə yayılmaması barədə rəsmi xəbərdarlıq edilmişdir.