Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-05-25
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Mayın 25-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun son 10 il ərzində keçdiyi inkişaf yolu və həyata keçirilən islahat tədbirlərindən bəhs edən “Azərbaycan Prokurorluğu: islahatlar və təkamül. 2000 – aprel – 2010” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Təqdimat mərasimində çıxış edən baş prokurorun müavini Namiq Əsgərov yeni nəşrin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, kitabda prokurorluq orqanlarının 2000-ci ilin aprelindən 2010-cu ilin aprelinədək olan dövr ərzində keçdiyi 10 illik təkamül dövrü, həmin müddətdə məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda həyata keçirilmiş hərtərəfli islahatlar barədə ətraflı məlumatlar yer almışdır. Xüsusi qeyd edilmişdir ki, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il aprelin 26-da prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi tarixi müşavirədən sonra prokurorluq orqanlarında hərtərəfli islahatlar başlanmış, prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradılmış, köklü struktur dəyişiklikləri və kadr islahatları həyata keçirilmişdir. Ötən dövr ərzində kadr korpusunun formalaşdırılmasında müsabiqə yolu ilə qulluğa qəbula üstünlük verilmiş, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin yeni müstəviyə qaldırılması, prokuroluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülmüşdür. Bütün bunlar kitabda ardıcıllıqla və əhatəli şəkildə öz əksini tapmışdır.

Ulu öndərin siyasi kursunu yeni müstəvidə layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dinamik inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, bütövlükdə respublika miqyasında yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunması, ölkə həyatının bütün sahələrində hərtərəfli islahatların aparılması dövlət təsisatlarının demokratik məzmunda yeniləşdirilməsi ilə nəticələnmişdir. Bu proseslərin nəticəsi olaraq, prokurorluq orqanlarının sivil məzmunlu dövlət orqanına çevrilməsi üçün möhkəm zəmin yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlamış Azərbaycan Respublikası Prokurorluğunun bu gün dünya standartlarına uyğun fəaliyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün prokurorluq orqanları qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramının qeyd olunması dövlət orqanları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürü olması kitabda öz geniş əksini tapmışdır.

Namiq Əsgərov bildirmişdir ki, kitabda dövlətimizin başçısı İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti və onun icrası istiqamətində görülən işlər xüsusi vurğulanmışdır. Proqram prokurorluq orqanlarının həyatında yeni təkmilləşdirmə və hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoymuş, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığın artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi üçün hərtərəfli zəmin yaratmışdır.

Namiq Əsgərov çıxışının sonunda prokurorluq orqanlarının fəaliyyətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən irəli sürülən tələblər səviyyəsində təkmilləşdirilməsi, müasir standartlara uyğun şəkildə keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində tədbirlərin görüldüyünü və təqdim olunan kitabda bu məsələlərin ətraflı şərh olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, qarşısında çox məsul və əhəmiyyətli vəzifələrin durduğu Azərbaycan Respublikası Prokurorluğu ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, suverenliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün bütün mümkün tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

Müzakirələrdə iştirak edən qonaqlar və Baş Prokurorluğun idarə rəisləri “Azərbaycan Prokurorluğu: islahatlar və təkamül» kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, nəşrin prokurorluğun son 10 il ərzində keçdiyi və dövlət səviyyəsində yüksək dəyərləndirilən inkişaf yolu və həyata keçirilən islahatlar barədə mühüm məlumat vasitəsi olduğunu diqqətə çatdırmışlar. Eyni zamanda, natiqlərin çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq əməkdaşlarına ünvanlanan 2008-ci il 27 sentyabr tarixli müraciətində göstərildiyi kimi, prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görüldüyü, dövlətçilik, qanunçuluq prinsiplərinin ön plana çəkildiyi, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı qeyd olunmuşdur. Prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadığı müsbət qiymətləndirilmiş, bu istiqamətdə işlərin davam etdiriləcəyinə möhkəm inam ifadə olunmuşdur.