Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-06-16
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

15 iyun 2010-cu il tarixdə saat 04 radələrində iki naməlum şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kommuna küçəsi 1 saylı evdə yaşayan, 1971-ci il təvəllüdlü Şeydabəyov İlqar Əzizağa oğlunu yaşadığı evdə yatdığı vəziyyətdə bıçaqla bir neçə dəfə vurub qəsdən öldürmüş, səs-küyə oyanan arvadı Bikəxanım Şeydabəyovaya bıçaqla bir neçə xəsarət yetirərək onu da öldürməyə cəhd etmişlər.

Rayon prokurorluğu və rayon Polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, foto və videoçəkilişlər aparılmış, İ.Şeydabəyovun meyiti və zərərçəkmiş B.Şeydabəyova məhkəmə-tibbi müayinədən keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 29,120.1-ci maddələri ilə cinayət işi başlanılmışdır.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakinləri – 1990-cı il təvəllüdlü, Cəlilov Hatəm Əmirəli oğlu və 1987-ci il təvəllüdlü Əliyev Xalid Umudəli oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş, ifadələri hadisə yerində yoxlanılmaqla foto və videoçəkilişlər aparılmış, cinayətin aləti olan 2 ədəd bıçaq maddi sübut kimi götürülmüşdür.

İstintaqın ilkin mərhələsində müəyyən edilmişdir ki, H.Cəlilov və X.Əliyev 2009-cu ilin noyabr-dekabr aylarında mərhum İ.Şeydabəyova məxsus evdə təmir-tikinti işləri aparmış və onlara ödənilməli olan 600 manat məbləğində pulu İ.Şeydabəyovdan dəfələrlə tələb etsələr də, sonuncu onlarının tələblərinə əhəmiyyət verməmişdir. Həmin səbəbə görə də H.Cəlilov və X.Əliyev İ.Şeydabəyovu öldürmək qərarına gəlmişlər.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.