Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-09-02
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin birgə məlumatı

Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq onun silah-sursat təminatını daha da gücləndirmək məqsədi ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçularının qəsdən öldürülməsində və odlu silahla güllə yarası xəsarəti yetirilməsində, eləcə də hərbi hissəyə məxsus odlu silahların talanmasında təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşları Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalanmışlar.

2008-ci il dekabrın 26-da saat 3:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu tərəfindən 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə odlu silahı və döyüş sursatını talama) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilmişdir. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 2010-cu il yanvarın 6-da dayandırılmışdır. Məlum olduğu kimi, əvvəllər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilmiş “Sumqayıt camaatı” adlı silahlı birləşmənin 30-dan artıq üzvü Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 17 iyun tarixli hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Həmin silahlı birləşmənin üzvlərinin hüquqazidd əməlləri üzrə cinayət işinin materiallarından Pakistanda tutularaq Azərbaycana gətirilmiş Mehdiyev Samir İlqar oğlu, həmçinin təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş Misirxanov Azər Allahverdi oğlu və qeyriləri barəsində ayrıca icraata cinayət işi ayrılmışdır. Bu cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “Abdulla” ləqəbli Azər Misirxanov və öldüklərinə görə barələrindəki cinayət işinin icraatına xitam verilmiş “Abdulməcid” ləqəbli İlqar Mollaçiyev və “Həmzət” ləqəbli Telman Abdullayev birlikdə Azərbaycan Respublikasının ərazisində yaratdıqları “Sumqayıt camaatı” adlı silahlı birləşmənin tərkibində “Sahil camaatı” adlı daha bir silahlı qrup mövcud olmuşdur. “Sahil camaatı” adlı silahlı qrupun üzvləri - Məmmədov Ramin Ramiz oğlu, Məmmədov Əsgər Ramiz oğlu, Rəhimov Vüqar Ətraf oğlu, Məmmədov Yavər Ramiz oğlu, Camalov Elçin Zakir oğlu, Adilov Saleh Valeh oğlu, habelə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 17 iyun tarixli hökmü ilə “Sumqayıt camaatı” adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar Elşən Davud oğlu, Həsənov Tural Məhəmməd oğlu və Qazıyev Elnur Fizuli oğlu hələ 2008-ci ilin dekabr ayının əvvəllərində odlu silah əldə etmək məqsədi ilə Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin hərbi postuna silahlı basqın etmək barədə öz aralarında ümumi razılığa gəlmişlər.

Bundan sonra, 2008-ci il dekabrın 26-da axşam saat 22:00 radələrində silahlı birləşmənin üzvləri - Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və Saleh Adilov Elçin Camalovun idarə etdiyi “Toyoto Prado”, Vüqar Rəhimov və Yavər Məmmədov isə sonuncunun idarə etdiyi “VAZ-2109” markalı avtomaşınlarla Tərtər rayonu istiqamətində yola düşmüşlər. Razılaşmaya görə Yavər Məmmədovla Vüqar Rəhimov lazım olan anda dəstə üzvlərinə köməyə getmək üçün Yevlax rayonu ərazisində gözləmişlər.

Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və Saleh Adilov Elçin Camalovun idarə etdiyi “Toyoto Prado” markalı avtomaşınla gecə saat 2:00 radələrində Tərtər rayonunun Qapanlı kəndinə gəlmişlər. Elçin Camalov avtomaşını kəndin girəcəyində saxlamış, digərləri isə qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar geyinmiş, tapançalarla və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət etmişlər. Əsgərlərin olduğu səngərə təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanmış, Əsgər Məmmədov, Ramin Məmmədov, Elnur Qazıyev və Saleh Adilov isə postun ərazisinə daxil olmuşlar. Posta çatanda orada olan əsgər onlardan parolu soruşmuşdur. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləmiş və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşmışlar. Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara aparmış və sonra düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürmüş, digərinə isə güllə yarası xəsarəti yetirmişlər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd “SVD” markalı snayper tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqçanı, 2 ədəd “AKMS” markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron olan 2 sandıqçanı özləri ilə götürərək avtomaşının dayandığı yerə qaçmışlar. Hadisədən sonra silahlı birləşmənin üzvləri Elçin Camalovun idarə etdiyi “Toyoto Prado” markalı avtomaşında hərbi hissədən ələ keçirdikləri silahları Bakı şəhərinə gətirmiş və Vüqar Rəhimovun “Ümid” qəsəbəsindəki evinin arxasında gizlətmişlər. Göstərilən cinayət faktları Əsgər Məmmədovun, Vüqar Rəhimovun, Yavər Məmmədovun, Elşən Druskarın, Tural Həsənovun, Elnur Qazıyevin və “Sahil Camaatı”nın əmiri Fuad Drusnarın etiraf ifadələri, ifadələrin yerində yoxlanılması və işin digər faktiki materialları ilə tam təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, silahlı birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran İslam Respublikasının ərazisinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə məhəl qoymayaraq silahlı müqavimət göstərmiş, əsgərlərə atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölmüşdür.

Keçirilmiş baxışlar nəticəsində Vüqar Rəhimovun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsi, 4-cü massiv, ev 18 ünvanda yerləşən evinin arxasında torpağın altında basdırılaraq gizlədilmiş 1 ədəd “SVD” markalı snayper tüfəngi, ona aid içərisində 25 patron olan 3 sandıqça, “AKMS” markalı 2 avtomat silahı və həmin silahlara məxsus içərisində 59 patron olan 2 sandıqça, evindən 1 ədəd “RQD-5” tipli əl qumbarası və 1 alışdırıcı, çoxlu sayda ordu zabiti və əsgəri üçün hərbi geyimlər və ləvazimatlar, Fuad Drusnarın üzərindən kustar üsulla hazırlanmış 1 tapança, 1 tapança darağı, 5 “PM” patronu, evindən lüləsi kəsilmiş 1 qoşalüləli ov tüfəngi, müxtəlif təyinatlı hərbi sursat, Zaman Piriyevin üzərindən 1 “F-1” qumbarası və 1 alışdırıcı, Əsgər Məmmədovun evindən “F-1” tipli əl qumbarasının gövdəsi, Yavər Məmmədovun evindən 7,62 mm çaplı 18 patron, 1 tüstü şaşkası aşkar edilərək götürülmüşdür. Hazırda faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, onların tərkibində ayrı-ayrı şəxslərə basqın etmə), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.11-ci (cinayətkar birlik tərəfindən xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.11-ci (terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama) maddələri ilə cinayət işinin istintaqı aparılır.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.