Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-09-17
Baş Prokurorluğun nümayəndə heyəti MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclasında iştirak etmişlər

Sentyabrın 15-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir.

Müstəqil Dövlətlər Birliyinin icraçı katibinin, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan Respublikalarının Baş prokurorlarının, Ukrayna, Moldova və Qırğızıstan Respublikalarının Baş prokurorlarının müavinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İclasda “MDB iştirakçı dövlətlərinin 2011-2013-cü illər ərzində insan alveri ilə mübarizə sahəsində Əməkdaşlıq Proqramı”nın, “MDB iştirakçı dövlətlərinin prokurorluq orqanları və qurumlarının əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı və prokurorluq orqanları və qurumlarının əməkdaşlarının dövlət sığortalanması qaydalarına dair Saziş”in layihələri, “2008-2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair dövlətlərarası Əməkdaşlıq Proqramı”nın 2009-cu ildə icrası vəziyyəti və cinayətkarlıqla mübarizə sahəsində MDB iştirakçı dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası təcrübəsinin ümumiləşdirilməsi, Katibliyin ştat cədvəlinin təsdiq edilməsi və digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yekdil qərarı ilə Rusiya Federasiyasının Baş prokuroru Şuranın sədri, Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis müavini isə icraçı katibi seçilmişdir.

Bununla yanaşı, “MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər Planı”nın həyata keçirilməsində iştirak barədə MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının “MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər Planı haqqında” qərarı Azərbaycan Hökuməti tərəfindən verilmiş xüsusi rəy nəzərə alınmaqla imzalanmışdır.

Eyni zamanda “MDB iştirakçı dövlətlərinin 2011-2013-cü illər ərzində insan alveri ilə mübarizə sahəsində Əməkdaşlıq Proqramı”nın təsdiq olunmasına dair qərar qəbul olunarkən “MDB-nin gələcək inkişafı haqqında Konsepsiya”nın imzalanması zamanı Azərbaycan Respublikasının xüsusi rəyi nəzərə alınmışdır.

Tədbir zamanı Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Rusiya Federasiyası və Qazaxıstan Respublikasının Baş prokurorları, Moldova Respublikası və Ukrayna Baş prokurorlarının birinci müavinləri və bir sıra digər rəsmi şəxslər ilə görüşlər keçirmiş, beynəlxalq əməkdaşlığın hazırkı vəziyyəti, mövcud problemlər və onların həlli yolları, həmçinin qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparmışdır.