Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-09-21
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

 
    Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin, o cümlədən dövlət proqramlarında nəzərdə tutulan konkret layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2004-cü ildən Fondun vəsaitləri hesabına kreditlərin verilməsində müvəkkil kredit təşkilatı seçilmiş “Birlikbank” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələr əsasında cəmiyyət tərəfindən 13 oktyabr 2004-cü il tarixdən 3 noyabr 2008-ci il tarixədək olan dövr ərzində ayrılmış 7.579.756 manat vəsaitin 1 iyul 2008-ci il tarixdən hazırkı vaxtadək öhdəlikləri yerinə yetirməməklə Fondla bağlanmış müqavilənin şərtlərini pozaraq 1 avqust 2010-cu il tarixə 3.280.731 manat vaxtı keçmiş, 139.624 manat faiz və 431.809 manat cərimənin, ümumilikdə isə 3.852.164 manat məbləğin Fondun müvafiq hesabına köçürülməsini təmin etməməsi, həmçinin ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin monitorinqləri zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar araşdırılır.

    Müvəkkil kredit təşkilatları tərəfindən güzəştli şərtlərlə verilmiş maliyyə vəsaitlərinin mənimsənilməsi və onlara sərəncam verilməsi sahəsində qanun pozuntularına yol verilməsinə kifayət qədər əsaslar olduğundan Nəsimi rayon Məhkəməsinin 2 sentyabr 2010-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Birlikbank” ASC-nin 25 oktyabr 2004-cü il tarixdən hazırkı dövrədək maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması aparılır. “Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən alınmış kreditlərin təyinatı üzrə xərclənməməsi, həmçinin cəmiyyətin törəmə müəssisəsi olan “Texnikalizinq” MMC-nin sabiq direktoru Nəcəfquliyev Elxan Nadim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktına görə 16 fevral 2010-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış istintaqla həmçinin müəyyən edilmişdir ki, Kərimov Yusif Eldar oğlu “Topağac” MMC-də 2007-ci ilin iyun ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 20 iyul 2007-ci il tarixdə nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə tanışı - “A.M.A.Y” Ticarət Mərkəzinin rəhbərliyinə yaxın olan Akif Əliyevə verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurmuşdur.

    6 avqust 2010-cu il tarixdə Kərimov Yusif Eldar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Bundan başqa, Məmmədov Zakir Tofiq oğlu “BAC” MMC-də 2007-ci ilin oktyabr ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı 19 oktyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 9 noyabr 2007-ci il tarixdə nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yerililməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə “A.M.A.Y” Ticarət Mərkəzinin direktoru Novruzov Elşən Firudin oğluna verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurmuşdur.

    4 sentyabr 2010-cu il tarixdə Məmmədov Zakir Tofiq oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    “A.M.A.Y” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev 10 avqust 2010-cu il tarixdə, həmçinin mərkəzin direktoru Elşən Novruzov 4, 5 avqust və 3, 4 sentyabr 2010-cu il tarixlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək təqsirləndirilən şəxslər - Yusif Kərimov və Zakir Məmmədovun onlar tərəfindən dəymiş ziyanın yalnız ödənilməsindən sonra barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmasının mümkünlüyü izah edilmişdir.

    Yusif Kərimov və Zakir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməmişdir. Hazırda cinayət işi üzrə ibtidai istintaq Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilməklə onların əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaqdır.