Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-11-24
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

İnsan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparılmışdır.

Müəyyən edilmişdir ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil etmişdir.   

Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirmişlər. Müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozmuş, həmin tibb müəssisəsinə  insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaratmışlar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul almışlar.

Məhkəmənin qərarına əsasən tibb mərkəzində aparılmış axtarış zamanı üzərlərində transplantasiya əməliyyatları həyata keçirilmiş donor və resipiyentlərin tibbi sənədləri aşkar edilərək götürülmüşdür.

Araşdırmalar zamanı həmçinin o da müəyyən edilmişdir ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün muvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməmişdir. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılmışdır.

Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalarla digər özəl və dövlət tibb müəssisələrində belə qanunsuz cərrahiyyə əməliyyatlarının aparılması halları aşkar edilməmişdir.

İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır.

Hazırda işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.