Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2010-12-07
Respublika Baş Prokurorluğu və İqtisadi İnkişaf Nazirliyi Mətbuat xidmətlərinin məlumatı

   Aidiyyəti dövlət orqanları tərəfindən keyfiyyətsiz məhsul istehsal edən və satışını təşkil edən fiziki və hüquqi şəxslərin aşkar  olunması və belə məhsulların realizəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

    Belə ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzaxanov Mirzə Ehtiqat oğluna məxsus obyektdə ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılmışdır.

    Yoxlama zamanı obyektin soyuducusundakı 1847 kiloqram və satış yerində olan 609 kiloqram mal ətinə orqonoleptik baxış keçirilərkən qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar həmin məhsulların yararlılığının müəyyən edilməsi məqsədilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

    Aparılmış bakterioloji müayinə ilə satış yerindən götürülmüş nümunələrdə bakterioloji çirklənmə aşkar edilmiş, eyni zamanda soyuducu və satış yerindən götürülmüş bütün nümunələrin qida üçün yararsız olması, həmçinin ətin xəstə və ya öləndən sonra kəsilmiş mal əti olduğu müəyyən edilmişdir.

    İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

    Aparılmış araşdırma zamanı toplanmış materiallarda külli miqdarda ziyan vurmaqla istehlakçıların aldadılması və fiziki şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin əlamətləri müəyyən edildiyindən, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilmişdir.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.