Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-11
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

    Xəbər verildiyi kimi, respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunmuşdu. 
     Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Prokurorluğunda istintaq aparılır. 
     Cinayətlərin xüsusilə ağır növlərindən olan terrorçuluq kimi ictimai təhlükəli əməlin qarşısının vaxtında alınması məqsədi ilə intensiv şəkildə davam etdirilən tədbirlərlə yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilmişdir. 
     Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılmışdır. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülmüşdür. 
    Hazırda istintaq araşdırmaları və əməliyyat-axtarış tədbirləri davam etdirilir