Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-18
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

     2011-ci il yanvarın 16-da Qaradağ rayon prokurorluğuna Yardımlı rayonunun Hamar kəndində pasport qeydiyyatında olan, Sahil qəsəbəsindəki Qaradağ stansiyası yaxınlığında yeni inşa olunmuş evlərdən birində yaşamış Babayeva Vəsilə Babaxan qızının vəfat etməsi barədə məlumat daxil olmuşdur.

 

    Araşdırmalar zamanı Vəsilə Babayevanın ölümü barədə hüquq mühafizə orqanlarına məlumat verilmədən öz əcəli ilə vəfat etməsi adı altında həyat yoldaşı Eldar Şəkərov tərəfindən dəfn olunmaq üçün Yardımlı rayonuna aparılması müəyyən edilmişdir.

 

    Məlumat əsasında meyit rayona çatmamış geri qaytarılaraq müayinə aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə təqdim olunmuş və keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı mərhumun bədənində çoxsaylı zorakılıq əlamətlərinin olması aşkar edilmişdir.

 

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü   (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.

 
 

    Hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr olan mərhuma məxsus paltarlar, yataq dəsti və sair maddi sübutlar götürülmüşdür. Eldar Şəkərov ifadəsində aralarında ailə-məişət zəminində baş vermiş münaqişə zamanı Vəsilə Babayevanı qəsdən döyməsini və bunun nəticəsində aldığı xəsarətlərdən ölməsini etiraf etmişdir.

   E.Şəkərov cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılmışdır.

 

   Hazırda Qaradağ rayon prokurorluğunda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.