Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-01-30
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

   30 yanvar 2011-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 50v saylı evin 10-cu mənzilində, həmin mənzildə yaşamış 1952-ci il təvəllüdlü Mehdiyeva Lətifə Ziyadin qızının, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massiv, 30a saylı ünvanda yaşamış, 1989-cu il təvəllüdlü Sultanova Aysel Rövşən qızı və sonuncunun qardaşı 1995-ci il təvəllüdlü Sultanov Elçin Rövşən oğlunun üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunmuşdur.
    Bakı şəhər prokurorluğu, şəhər Baş Polis İdarəsi, Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, meyitlərin xarici müayinələri aparılmış, hadisə yerindən üzərində qan ləkələri olan balta maddi sübut kimi götürülmüş, şahidlərin dairəsi müəyyənləşdirilərək ifadələri alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Baxış zamanı mənzildə ev əşyalarının dağılması və ya qarət əlamətləri müşahidə edilməmişdir.
    İlkin istintaqla müəyyən edilmişdir ki, qeyd edilən ünvanda Lətifə Mehdiyeva həyat yoldaşı Yusif Mehdiyevlə birlikdə yaşamış, Aysel və Elçin Sultanovlar isə Lətifə Mehdiyevanın bacısı uşaqları olmaqla yanvarın 28-də onlara qonaq gəlmişlər.
    Hadisədən sonra Yusif Mehdiyev mənzili tərk etmiş, lakin həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində o, Salyan rayonunun Xalac qəsəbəsində əmisi oğlu Mehdiyev Elşən Yəhya oğlunun evində yaxalanmışdır.  Yusif Mehdiyev törətdiyi cinayət əməlini etiraf etməklə cinayəti törədərkən əynində olmuş paltarları  çantaya qoyaraq Xalac kəndinin yaxınlığından keçən su kanalının kənarına atmasını bildirmişdir. Həmin əraziyə Yusif Mehdiyev və hal şahidlərinin iştirakı ilə baxış keçirilərək oradan həmin çanta və içərisində üzərində qan ləkələri olan Yusif Mehdiyevə məxsus paltarlar aşkar edilərək götürülmüşdür.
    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış və Yusif Mehdiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmiuşdur.
   Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən davam etdirilir.