Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-02-05
Prokurorluq orqanları qanunçuluğun möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir

    Fevralın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə 2010-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclası keçirilmişdir. 
    Iclasda hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov demişdir ki, 2010-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır. Nazirlər Kabinetinin yanvarın 14-də keçirilmiş iclasında dövlətimizin başçısı İlham Əliyevin dedikləri bunun əyani sübutu olmuşdur. Azərbaycan neftçiləri tərəfindən "Ümid" qaz yatağının kəşfi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi və digər bu kimi möhtəşəm infrastruktur layihələrinin reallaşdırılması, Dövlət Bayrağı Meydanının yaradılması böyük tarixi əhəmiyyət kəsb edən hadisələr olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinə keçirilən şəffaf və ədalətli seçkilər demokratiya yolunda atılan uğurlu addım kimi tarixə düşmüşdür. 
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin nəticəsi olaraq, Avropa Parlamenti tərəfindən ötən ilin mayında münaqişənin ədalətli və xalqımızın mənafeyinə uyğun həllini nəzərdə tutan, NATO-nun zirvə toplantısında ölkəmizin ərazi bütövlüyünü təsdiq edən qətnamələrin qəbulu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilmişdir. 
    Qeyd olunmuşdur ki, 2010-cu ildə prokurorluq orqanlarının səyləri ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, hərtərəfli islahatların yeni müstəvidə və müasir məzmunda davam etdirilməsinə, 2009-2011-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasına, fəaliyyət sahələri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud olan çatışmazlıqların, xidməti və icra intizamının pozuntusu hallarının dərhal aradan qaldırılmasına yönəldilmişdir. 
    "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. 
Görülmüş tədbirlər yeni məzmunda Elm-Tədris Mərkəzinin, Hüquqi təminat və informasiya idarəsinin, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin və Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin tərkibində tam yeni məzmunlu kriminalistika şöbələrinin, Dövlət ittihamının müdafiəsi üzrə idarənin tərkibində Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin yaradılması, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin yeni strukturun formalaşdırılması təmin edilmişdir. 
    Kollegiyada yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilmiş 2010-cu ildə Baş Prokurorluğun veb-saytının müasir tələblərə cavab verən yeni versiyasının və informasiya xarakterli və müasir dizayna malik Azərbaycan, rus və ingilis dillərində elektron məlumat diskinin hazırlandığı, prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək mərkəzi aparatın bütün struktur qurumlarının qoşulduğu və istifadə üçün tam hazır vəziyyətdə olan "Elektron Sənəd Dövriyyəsi" proqramının yaxın günlərdə təqdimat mərasiminin keçiriləcəyi diqqətə çatdırılmış, yeni informasiya texnologiyalarının tətbiqi sahəsində Elm-Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verilmişdir. 
    Prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü olan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının sonuncu ili olan cari ildə nəzərdə tutulmuş bütün tədbirlərin müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası istiqamətində zəruri təşkilati və digər tədbirlərin görülməsi barədə tapşırıq verilmişdir. 
    Kollegiya iclasında hesabat ilində 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin müvəffəqiyyətlə başa çatdırılması, müsabiqə yolu ilə prokurorluğa qulluğa qəbul olunan gənclərin kadr korpusunun 41 faizdən çoxunu təşkil etməsi islahat tədbirlərinin uğurlu nəticələri kimi dəyərləndirilmiş, 2011-ci ilin əvvəllərində elan edilmiş 100 ştat vahidi üzrə prokurorluqda işə növbəti 10-cu qəbulun tam şəffaf və ədalətli prosedurlar əsasında həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. 
    Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyev ali dövləti fəaliyyətinin ilk gündən mütəşəkkil cinayətkarlığa, o cümlədən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə məsələlərini dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyənləşdirməklə, bu sahədə ən qəti tədbirlərin görülməsini tələb etmişdir. Məhz dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq, korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində son illər ərzində uğurlu nəticələr əldə edilmiş, müasir standartlara cavab verən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilmişdir. 
    Müvafiq Dövlət Proqramının davamı olaraq Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, onun həyata keçirilməsi üzrə 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq olunmuşdur. "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının verilməsi isə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 
    Xüsusi qeyd edilmişdir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında əsassız yoxlamalar aparılması hallarının aradan qaldırılması, hüquq mühafizə orqanlarının fəaliyyətində belə lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara, cari il yanvarın 27-də dövlətimizin başçısının tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar ölkə həyatının bütün sahələrində belə mənfi təzahürlərə qarşı daha kəskin və sistemli mübarizə aparılması, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması üçün müəyyənləşdirilmiş konkret tədbirlərə müvafiq olaraq, prokurorluq orqanlarının üzərinə mühüm məsuliyyət düşür. 
    Dövlətimizin başçısının siyasi iradəsinə müvafiq olaraq, Azərbaycan Prokurorluğunun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bu istiqamətdə zəruri tədbirlər görülməklə mübarizənin gücləndirilməsi, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. 
    Baş prokuror demişdir ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar prokurorluğun sıralarının saflaşdırılması istiqamətində işlər qətiyyətlə davam etdirilməli, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və aparılan yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə, korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır. Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, digərlərindən belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun. "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilmişdir. 
    Hesabat dövründə dövlət ittihamının müdafiəsi işinin səmərəliliyinin artırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunmuş, idarə əməkdaşları tərəfindən bir çox aktual və ictimaiyyətin maraq dairəsində olan cinayət işləri üzrə məhkəmələrdə dövlət ittihamı yüksək peşəkarlıq səviyyəsində müdafiə edilmişdir. 
    Qeyd edilənlərlə yanaşı, konkret cinayət işləri üzrə məhkəmə baxışında dövlət ittihamçıları tərəfindən xüsusi qərarların çıxarılmasında kifayət qədər təşəbbüskarlıq göstərilməməsi, cinayət işlərinin əvvəlcədən öyrənilməməsinin dövlət ittihamının müdafiəsi işinin keyfiyyətinə mənfi təsir edən, ciddi qüsurlar kimi vurğulanmış, çatışmazlıqların aradan qaldırılması və işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilmişdir. Ötən il prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların prokurorluqda maneəsiz qəbul edilməklə qaldırdıqları məsələlərin həlli istiqamətində səlahiyyət hədləri daxilində məqsədyönlü tədbirlərin görülməsi təmin olunmuşdur. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun. 
    Prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2010-cu ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 50 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 5 əməkdaş tutduğu vəzifələrdən azad edilmiş, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə 5 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Baş prokurorluğun əlaqədar qurumlarından və tabe prokurorlardan bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilmişdir. 
    Diqqətə çatdırılmışdır ki, 2010-cu ildə qeydə alınmış ağır və xüsusilə ağır, böyük ictimai təhlükə törətməyən, adam oğurluğu, zorlama, dələduzluq, soyğunçuluq, xuliqanlıq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, yetkinlik yaşına çatmayanlar tərəfindən və xarici ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 23010 cinayətin 86,4 faizinin açılması təmin edilmişdir. Keçmiş illərdə törədilməklə bağlı qalan qəsdən adamöldürmə kimi 5 ağır cinayətin üstünün açılması təmin edilmişdir. 2010-cu ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin yeni müstəvidə daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15285 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunaraq 9784 iş məhkəmələrə göndərilmişdir. 
    Yüksək peşəkarlıq göstərilməklə ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqının aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmişdir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsi tərəfindən Gürcüstan vətəndaşı Fərda Qədirovun qanunsuz əldə etdiyi "Makarov" markalı tapança ilə 2009-cu il aprelin 30-da, Azərbaycan Dövlət Neft Akademiyasında qarşısına çıxan tələbə və müəllimlərə atəş açaraq 12 nəfəri qəsdən öldürməsi və 13 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı üzrə başlanılmış cinayət işi üzrə böyük həcmdə işlər görülməklə istintaq yekunlaşdırılmış, cinayət işi aidiyyəti üzrə baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. 
    Bundan başqa, 2009-cu il iyulun 16-da Balakən rayonundakı "Qubek" yüksəkliyində xarici dövlətlərin və Azərbaycan Respublikası vətəndaşlarından ibarət mütəşəkkil silahlı dəstə üzvlərinin Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin xidmətdə olan əsgərlərinə odlu silahlardan atəş açmaqla onları qəsdən öldürməyə, dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmələri və sair faktlara görə başlanmış cinayət işinin istintaqı tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsi təmin edilmişdir. 
    Azərbaycan Respublikasında tolerantlığın hökm sürdüyü, din və etiqad azadlığı, bütün dinlərin bərabər inkişafı üçün hərtərəfli təminatların yaradıldığı bir şəraitdə, rəsmi dövlət qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərən, məlum xarici dövlətin əlaqədar dairələrinin təsiri altında olan, ənənəvi islam ideyalarından açıq-aşkar kənara çıxmaqla gəncləri öz ətrafında birləşdirmək üçün hər cür vasitələrə əl atan İslam Partiyasının üzvləri tərəfindən hakimiyyətə qarşı itaətsizliyə və mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar səsləndirilmişdir. Başlanmış cinayət işinin istintaqı gedişində barələrində həbs qətimkan tədbiri seçilmiş 7 partiya tərəfdarının yaşadıqları və qərargah kimi istifadə olunan ünvanlarda keçirilən axtarışlar nəticəsində çoxlu sayda silah və döyüş sursatı aşkar edilərək götürülmüşdür. Tapşırıq verilmişdir ki, bu cinayət işinin qısa müddətdə yüksək peşəkarlıqla istintaq olunması, bütün əlaqədar şəxslər aşkar edilməklə onların məsuliyyətə cəlb edilməsi təmin olunsun. Xüsusi vurğulanmışdır ki, müstəqil Azərbaycan Respublikasında pozuculuq fəaliyyəti ilə məşğul olmaqla, dövlətçiliyimizin maraqlarına qəsd edən cinayət xarakterli əməllərə yol vermiş həmin şəxslər, onları ölkə daxilində və xaricdən dəstəkləyənlər birmənalı şəkildə başa düşməlidirlər ki, heç bir qüvvə Azərbaycanı sivil və demokratik inkişaf yolundan döndərə bilməz, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bütün qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır. 
    Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuş, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir. 
    Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2010-cu ilin nəticələrinə görə, artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılmışdır. Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması, 16 belə cinayətin, o cümlədən Şəmkir rayonunda 3, Cəlilabad rayonunda 2, Bakı şəhərinin Səbail rayonunda 2, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov, habelə Ağdaş, Qazax, Xaçmaz, Göygöl rayonlarının hər birində və Gəncə şəhərində 1 cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilmişdir. Tələb edilmişdir ki, 2010-cu ildə və əvvəlki illərdə bağlı qalan bütün qəsdən adam öldürmə hadisələrinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülsün. İstintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 2010-cu il 28 iyul tarixli 10/70 nömrəli yeni əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə konkret tapşırıqlar verilmişdir. 
    Kollegiya iclasında vurğulanmışdır ki, Hərbi Prokurorluq tərəfindən "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin müasirləşdirilməsi sahəsində zəruri tədbirlər görülmüşdür. Bəzi hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, bir çox cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilməsi, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən müvafiq dövlət təsisatları ilə əlaqəli şəkildə 2010-cu ildə cinayətkarlığın bütün təzahürlərinə və qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsinin, fəaliyyət sahələri üzrə işin təkmilləşdirilməsinin, müsbət iş göstəricilərinə nail olunmaqla ciddi nizam-intizam yaradılmasının təmin olunduğu diqqətə çatdırılmışdır. 
    Baş prokurorun müavini-hərbi prokuror Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Xocalı rayon prokuroru Elşən Abdullayev çıxış edərək 2010-cu ildə görülmüş işlər barədə ətraflı məlumat vermiş, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür. 
    Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi qüvvələrini səfərbər edərək, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.