Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-03-11
İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərinin məlumatı

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərin icrası ilə əlaqədar dövlət orqanları tərəfindən süni qiymət artımı və inhisarçılıq hallarına qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

     İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toyuq yumurtası bazarında yumurtanın istehsalı və satışının qanunauyğunluğu vəziyyəti araşdırılmış və yumurtanın pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilmişdir.

     Bundan sonra, 2011-ci ilin fevral-mart aylarında toyuq yumurtasının pərakəndə satış qiymətlərində kəskin artım baş vermiş, fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olmuş və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək artaraq 0,67 manat bahalaşmışdır.

Aparılan araşdırmalar göstərmişdir ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırmışlar. Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6 faiz artım baş vermişdir. Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Resublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulmuşdur.

     Toyuq yumurtası istehsalçıları razılaşdırılmış hərəkətlər (kartel sazişləri) əsasında qiymətləri eyni vaxtda bahalaşdırmaq hesabına istehlakçıların mənafeyinə zərər vurmaqla qanunsuz olaraq külli miqdarda üstəlik mənfəət əldə etmişlər.

     Qeyd olunanlarla əlaqədar toyuq yumurtası bazarında aparılan araşdırmanın nəticələri ilə bağlı müvafiq material toplanaraq hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanmışdır.

     Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları bundan sonra da iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin, o cümlədən inhisarçılığın, istehlak bazarında digər məhsulların pərakəndə və topdansatış qiymətlərinin süni şəkildə artırılmasının qarşısının alınması, həmin halları doğuran səbəb və şəraitin müəyyən edilməklə aradan qaldırılması və bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimad səviyyəsində yerinə yetirmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəklər.