Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-06-09
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

  İyunun 9-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Cinayət prosesində insan hüquqlarının təmin edilməsi problemləri onların həlli yolları" mövzusunda konfrans keçirilmişdir. 

    Tədbirdə Milli Məclis, Ədliyyə Nazirliyi, Ali Məhkəmə və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

     Konfransda çıxış edən Baş prokurorun müavini  Namiq Əsgərov mövzunun aktuallığını və əhəmiyyətini xüsusi vurğulamaqla, insan hüquqlarının hərtərəfli və ardıcıl olaraq təmin edilməsi üçün respublikamızda zəruri hüquqi baza yaradıldığını, insan hüquqlarının müdafiəsinin normativ-hüquqi əsasları içərisində ən mühüm yerin Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına məxsus olduğunu, dünyada ən səmərəli hüquq müdafiə mexanizmi hesab edilən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına və ona əlavə edilmiş protokollara qoşulmaqla ölkəmizin insan hüquq və azadlıqlarının bu mötəbər beynəlxalq qurum səviyyəsində təmin edilməsinə nail olmaqla yanaşı, öz vətəndaşlarına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından istifadə etmək imkanı yaratdığını qeyd etmişdir. Avropa Məhkəməsinin insan hüquqları və azadlıqlarının təmin olunmasına nəzarət edilməsi üçün universal və işlək nəzarət mexanizminə malik olduğunu vurğulayan Baş prokurorun müavini, bu qurumun fəaliyyəti ilə bağlı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar və onların insan hüquqlarının müdafiəsinin təmin edilməsində əhəmiyyətindən, eyni zamanda prokurorluq orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

 

    Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovun "Təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmin edilməsinin prosessual təminatları", Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının "Yetkinlik yaşına çatmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsinin xüsusiyyətləri" və Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin "Cinayət prosesində insan hüquq və azadlıqlarının təmin edilməsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının milli qanunvericiliyi" mövzusunda çıxışları dinlənilmişdir. Çıxışlarla bağlı suallar ətraflı cavablandırılmış, mövzular ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.