Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-07-08
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edilmişdir.

 

     Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir.

 

     Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik proseduru əsasında işə qəbulların keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlar olmuşdur.

 

     Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan 21 iyul 2011-ci il tarixdə Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5). İmtahan saat 10.00-da başlanıb saat 14-00-da qurtaracaqdır.

 

     Namizədlər yalnız "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. "Yaddaş kitabçası"nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilmişdir.

 

     İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Yazılı imtahana buraxılış vərəqəsi"ni 18-19 iyul 2011-ci il tarixlərdə saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.

     Əlavə məlumatı 492-63-62, 492-62-23 və 492-74-32 nömrəli telefonlarla almaq olar.