16 iyul 2011-ci il tarixdə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D » yaşayış sahəsi, 21 saylı evin qarşısındakı ət mağazasında qəssab işləyən Alıyev Amin Zakir oğlunun meyiti aşkar edilmişdir.
Suraxanı Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, məhkəmə tibb ekspertinin iştirakı ilə aparılmış müayinə zamanı meyitin baş nahiyəsində çapıcı alətlərlə yetirilən xəsarətlər aşkar edilmişdir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilən istintaq hərəkətləri, intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətmiş 12.01.1989-cu ildə Tovuz rayonun Düz Qırıqlı kəndində anadan olmuş, Qobu qəsəbəsindəki «Qızıl Qaya» daş karxanasında mövsümi fəhlə işləyən Məmmədov Tural Ədalət oğlunun olduğu müəyyən edilmiş və o, iyulun 21-də şübhəli şəxs qismində tutulmuşdur. İlkin dindirmə zamanı T.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək Alıyev Amin Zakir oğlunu tamah məqsədilə qəsdən öldürdüyünü bildirmişdir.
Həmçinin, onun üzərinə baxış keçirilərkən cinayəti törədən zaman əynində olmuş paltarlar, mobil telefon, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülərərək maddi sübut kimi tanınmışdır.
Hazırda işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.