Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-08-08
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

     Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də geniş ictimai rezonans doğurmuş cinayətlərin açılması və təqsirkar şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir.

 

     Belə ki, cari il avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxmış və geri qayıtmamışdır.

 

     Əməliyyat-axtarış tədbirləri nəticəsində Cümşüd Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılmışdır.       

 

     Faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev tutularaq istintaqa cəlb edilmişdir.

 

     Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınmışdır. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbə sakini Yusif Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunmuşdur.

 

     "İsti izlər"lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli törətmiş Hikmət Əliyev tutulmuş və ondan cinayətin aləti olan 1 ədəd ov tufəngi götürülmüşdür.

 

     Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri  və əməliyyat-axtarış tədbirləri davam etdirilir.