Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-08-19
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Azərbaycan Mətbuat  Şurasının "Qara Siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya  qarşı mübarizə idarəsində araşdırılmışdır.

 

     Müəyyən edilmişdir ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmamışdır. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmamış, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməmiş, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuş və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində  vəsait vergidən yayındırılmışdır.

 

     Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

 

     Hazırda Baş prokuror yanında Korrupsiyaya  qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.